Azərbaycan Dövlət Pedaqoji Kolleci haqqında məlumat

            Yaranışının 94 ili ərzində Azərbaycanda xalqın maariflənməsi istiqamətində əvəzedilməz rolu olan, xalqın təfəkküründə bu gün də Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Məktəb kimi yaşayan, vətənə on minlərlə layiqli kadrlar verən Azərbaycan Dövlət Pedaqoji Kolleci hər zaman öz şöhrətinin zirvəsində dayanaraq təhsil islahatlarını uğurla tətbiq edən yüksək səviyyəli təhsil ocağıdır. Qocaman təhsil ocağı fəaliyyət göstərdiyi illər ərzində on minlərlə müəllim yetişdirmişdir. Kollec bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlayır.

            Azərbaycan Dövlət Pedaqoji Kolleci 1919-cu ildən hal-hazıra kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir:

  • 1919-1920-ci illərdə Bakı Kişi Müəllimləri Seminariyası;
    1920-1925-ci illərdə Bakı Qadın Müəllimləri Seminariyası;
    1925-1926-cı illərdə Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası;
    1926-1930-cu illərdə Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu;
    1936-1938-ci illərdə M.Ə.Sabir adına Mərkəzi Beynəlmiləl Texnikumu;
    1938-1963-cü illərdə M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi;
    1968-ci ildən M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi;
    1991-ci ilin dekabrından M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu;
    1999-cu ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. Kollecdə əyani və qiyabi şöbələr üzrə 3000-nə qədər tələbə təhsil alır..

            Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
“İbtidai sinif müəllimliyi” , “Texnologiya müəllimliyi” , “Xarici dil” , “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “İnformatika müəllimliyi”, “Qeyri Azərbaycan məktəblərində Azərbaycan dili müəllimi”.


        Kollecdə 227 nəfər müəllim fəaliyyət göstərir. Onlardan 1 nəfər elmlər doktoru, professor, 17 nəfər elmlər namizədi, 16 nəfər baş müəllim, 30 nəfəri isə dissertantdır.
           Bu təhsil müəssisəsinin zəngin bir tarixi vardır. Cəmi 23 ay (1918-ci il mayın 28-dən 1920-ci il aprelin 27-dək) fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikasının ən böyük xidmətlərindən biri də xalqımızın savadlanması və maariflənməsi yolunda apardığı işlər olmuşdur.
          ADR bu məqsədlə yerlərdə orta ümumtəhsil məktəbləri açmaq, onları maddi təchizat və müəllim kadrları ilə təmin etmək məsələlərini əsas vəzifələrdən biri kimi qarşıya qoyaraq yeni təşkil olunmuş Xalq Maarif Komissarlığına hər cür əməli köməklik göstərirdi.
         Komissarlıq 1879-cu ilin sentyabrından fəaliyyət göstərən Zaqafqaziya (Qori) müəllimlər seminariyasının tatar şöbəsinin Qazax rayonuna köçürülməsi təklifini irəli sürdü.
          1918-ci ilin sentyabrında F.Köçərlinin başçılığı altında tatar şöbəsi Qoridən Qazağa köçürüldü və o müstəqil olaraq müəllim hazırlayan seminariyaya çevrildi.
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası məktəblərimizi ixtisaslı müəllim kadrları ilə təmin edən yeganə müəssisə idi ki, o da yarandığı 40 il ərzində cəmi 250 müəllim hazırlamışdı. Bu isə mədəni dirçəlişin həyata keçirmək, savadsızlığı ləğv etmək, xalqı maarifləndirmək üçün olduqca az qüvvə idi.
         Qori Müəllimlər Seminariyasının missiyasını davam etdirərək, Bakı Darülmüəllim xalqın savadlanması, maariflənməsi işini yerinə yetirə biləcək bacarıqlı müəllimlər hazırlamağa başladı.
        Nəzəri və əməli hazırlıqlı, bacarıqlı təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq Qori seminariyasının məzunu Pənah Qasımov 1920-ci ildə Darulmüəllimə direktor təyin olunur. 1921-ci ildə yenidən təşkil olunan bu məktəb keçmiş Kommunist küçəsində-indiki Əlyazmaları İnstitutunun binasında yerləşirdi. Pənah Qasımov qısa bir müddətdə kadr hazırlıqları işindəki ciddi nöqsanları aradan qaldırdıqdan sonra təlim-tərbiyə işlərini normal ahəngə salmaq məqsədi ilə ilk növbədə ətrafına mütərəqqi ideyalı, demokratik fikirli pedaqoqları topladı. Məktəbin nüfuzunu qaldırmaq üçün oraya dövrün ən görkəmli və tanınmış müəllimlərindən Soltan Məcid Qənizadəni, Hüseyin Cavidi, Abdulla Şaiqi, Azad Bəy Əmirovu, Əlibəy Qasımzadəni, Qori seminariyasının digər məzunlarından Nuruş Şahsuvarovu, Məhəmməd Abdullayevi, Əhməd Kədəri Zəkizadəni, Qafur Rəşadı, Sultanmurad Əliyevi və başqalarını işə dəvət etdi.
        Bakı Müttəhid Müəllimlər seminariyası kimi öz fəaliyyətini davam etdirən tədris ocağı formalaşmış ənənələr əsasında təlim-tərbiyə uğurları qazanaraq respublikanın təhsil ocaqları arasında özünəlayiq yer tutdu.
        Sabir adına Bakı Pedaqoji Texnikumunun sələfi olmuş darülmüəllimin hələ 20-ci illərin əvvəllərindən nəinki təkcə Azərbaycan üçün, eləcə də türk və müsəlman respublikaları üçün kadrlar hazırlamışdılar. Belə ki, darulmüəllimində özbək, türkmən, tacik, dağıstanlı uşaqları da oxutmuşlar.
       1930-cu ildə seminariya Beynəlmiləl Pedaqoji Texnikumu adlandırılmışdır. 1936-cı ildə texnikuma böyük satirik şair və demokrat-maarifçi M.Ə.Sabirin adı verilmişdir. Bəynəlmiləl Pedaqoji Texnikumu 1937-1938-ci dərs ilinə qədər Azərbaycan, rus və erməni bölmələri üzrə fəaliyyətini davam etmişdir.
        Məktəbin işgüzar fəaliyyəti respublika ictimaiyyətində müsbət rəy və yüksək maraq oyadırdı. Beləliklə ikinci buraxılışda 24, üçünçü buraxılışda 28, dördüncü buraxılış 56 məzun olmuşdur. 1952-1962-ci illərdə vahid şəkildə birləşdirilən Bakı Müttəhid Müəllimlər Seminariyasında Ü.Hacıbəyov, M.Maqomayev, A.Şaiq, C.Cəbrayılbəyli, H.Cavid kimi görkəmli şəxslər dərs demişlər.
       Pənah Qasımovun rəhbərlik etdiyi bu tanınmış təhsil ocağında qısa vaxt ərzində müasir ruhlu gənc pedaqoq-müəllim heyəti hazırlandı. Bu müəllimlər uzun müddət xalqın savadlanması, təlim-tərbiyəsi sahəsində namuslu xidmət göstərməklə yanaşı, sonralar maarif, mədəniyyət və incəsənətin ən görkəmli nümayəndələri kimi tanınmışlar. Milli mədəniyyətimizin fəxri Üzeyir Hacıbəyov, Abdulla Şaiq, məşhur pedaqoqlardan Camo Cəbrayılbəyli, Azad Əmirov, ilk ziyalı qadınlarımızdan Mədinə xanım Qiyasbəyli kollecdə dərs demiş, zəngin bir irs qoyub getmişdir. Akademiklərdən Əlisöhbət Sumbatzadə, Məmmədhüseyn Təhməsib, professorlardan Əkrəm Cəfər, Mərdan Muradxanov, Fatma Süleymanova, Əli Sultanlı, Xalq rəssamı Salam Salamzadə, Bəstəkarlar Niyazi, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, Xalq yazıçısı Mehdi Hüseyn, Əzizə Cəfərzadə, yazıçı Sabit Rəhman, şairlərdən Mirvarid Dilbazi, Cabir Novruz və başqaları kollecin fəxri məzunları olmuşdur.
        Bakı Darülmüəlliminin ilk buraxılışında cəmi 9 məzun olmuşdur. Onlardan biri Mirəli Abdulla oğlu Axundov olmuşdur. M.Axundov darülmüəllimini bitirdikdən sonra bir müddət müəllimlik etmiş, sonra ali məktəbə daxil olmuşdur. Mirəli Axundov Azərbaycan təbiət elmlərinin inkişafında böyük xidmətləri olan məhşur alimlərimizdən biri olmuşdur.
    Texnikumun məzunları sırasında Azərbaycan musiqiçilərinin görkəmli nümayəndələrinin öz xüsusi çəkisi vardır. Belə ki, XX əsr Azərbaycan musiqisinin və musiqi mədəniyyətinin inkişafında bir bəstəkar, dirijor kimi xidməti olmuş Ətrasiyab Bədəlbəyli, Niyazi, Səid Rustəmov vaxtı ilə burada oxumuşlar. Dövrün görkəmli pedaqoqlarından, özü də ədib, şair kimi tanınmış müəllimlərindən dərs almış həmin məzunlar sonradan müvafiq ali təhsil məktəblərində bilik, bacarıq və qabiliyyətlərini inkişaf etdirmiş, sənət dünyasının sayılıb-seçilən nümayəndələrindən biri olmuşlar. 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinə Nurlana Müzəffər qızı Əliyeva rəhbərlik edir. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
        O, Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.
        Nurlana Əliyeva ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, YAP Qadınlar Şurasının sədridir.
        Azərbaycan Dövlət Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Nurlana xanım Respublika Təhsil Nazirliyinin və Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
      Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmiş, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
        Tədris müəssisəsinə rəhbərlik etdiyi illərdə Nurlana xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş, vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir. Onun fikrincə, təhsilimizin bünövrəsini, təməlini qoyan ibtidai sinif müəllimləri yetişdirmək, həm də yüksək səviyyəli müəllimlər, əsl vətəndaşlar, kamil insanlar kimi yetişdirmək bu vəzifələrin başlanğıcıdır. Çünki insanın bir vətəndaş, mütəxəssis, vətənpərvər kimi bütün sonrakı inkişafının özülü məhz ibtidai siniflərdə qoyulur. İbtidai sinif müəllimi yaxşı olanda, özünü şagirdlərinin biliyinə, bacarığına həsr edəndə yuxarı siniflərdə də o sinfin uğurları yüksək olur. Həmin sinfin şagirdlərinin əksəriyyəti savadlı, bilikli, mərifətli, istedadlı uşaqlar olur. Ona görə də təkcə bir sinfin, məktəbli uğurlarında deyil, bütün cəmiyyətin tərəqqisində, inkişafında ibtidai sinif müəllimlərinin rolu danılmazdır.
        Yeni tədris metodlarının hazırlanması eksperimetlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil ocağı təhsil islatahlarının önündə gedir.
        Nurlana Əliyeva pedaqoji təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.
        İstər ayrı-ayrı fənlərin tədrisi prosesində, istər praktik işlərin, oyunların yerinə yetirilməsi zamanı, istərsə də dərsdənkənar tədbirlər prosesində bu istiqamətlər üzrə məqsədəmüvafiq işlər aparılır. Texnikumda bütün işlər ilk növbədə milli şüurun inkişafına, mənəvi şüurla davranışın, sözlə əməli fəaliyyətin vəhdətinin təmin edilməsinə yönəldilmişdir. Çünki hər bir vətəndaşın ləyaqətli davranışının əsasını onun əməlləri və fəaliyyəti təşkil edir.
        Texnikuma 1993-cü ildən cəmiyyətimizin bugünkü həyatı ilə səsləşən, gələcək üçün lazımlı kadrlar hazırlayan “Sosial pedaqogika”, “Milli əxlaq və islamşünaslıq” ixtisaslarının verilməsi bu sahədə görülən işləri daha da genişləndirmişdir.
        1995-ci ilin may ayında “Müasir şəraitdə şəxsiyyətin formalaşmasına kompleks yanaşılmasının elmi-pedaqoji əsasları və praktik məsələləri” mövzusunda keçirilmiş elmi-praktik konfransda nəzəri və praktik əhəmiyyətli ideyalar, fikirlər söylənmişdir.
1997-ci ildə ibtidai sinif müəllimlərinin problemlərinə həsr edilmiş respublika elmi-təcrübi konfransının məhz M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda keçirilməsi də təsadüfi deyildi. Bu, texnikumun pedaqoji nailiyyətlərinin, göstəricilərinin, nümunəvi təhsil ocağı kimi fəaliyyətinin yüksəlməsi zərurətindən irəli gəlmişdir.
        Kollecin 1999-cu ildə 80 illik yubileyi keçirilmişdir. Bu yubiley münasibəti ilə əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyevin təbrikində kollecin fəaliyyəti, milli təhsilimizin inkişafındakı rolu yüksək dəyərləndirilmişdir: “Bakı Pedaqoji Texnikumu Respublikanın maarif ocaqlarının yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Yarandığı ilk dövrlərdən təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gündə Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, Respublikanın ümumtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir. Əminəm ki, siz texnikumumuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz”.
        Son illər ərzində Azərbaycan Dövlət Pedaqoji Kollecində təlim-tərbiyə işinin təşkili, tədris prosesində kollecin müəllim və tələbə heyətinin həyata keçirdiyi elmi-kütləvi, mədəni tədbirlər, tədris metodiki materiallar, kütləvi informasiya vasitələrində dərc olunmuş, kollecin fəaliyyətini işiqlandıran yazılardan nümunələrinin hazırlanması, gənc müəllimlərlə işin təşkili, müəllim və tələbələrin açıq dərs icmalları və bədii yaradıcılıq nümunələri geniş vüsət almışdır.
        Orta ixtisas təhsili müəssisələri sırasında öz tarixi əhəmiyyəti ilə idarəçilik sahəsində demokratikliyi, tədris prosesinin təşkilində tətbiq olunan metodların müasirliyi və ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Kolleci tədris işinin təşkilində olduğu kimi ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənclər arasında təbliği sahəsində də tədbirlərin mərkəzinə çevrilmişdir. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dövlətinin müstəqilliyi, onun qorunub saxlanılması sahəsində ümumilli liderimizin çoxşaxəli fəaliyyəti Heydər Əliyev şəxsiyyətinin keçdiyi maraqlı həyat yolu illər boyudur ki, sistemli şəkildə istər tədris, istərsə də tərbiyə prosesində tələbə gənclərə öyrədilir və aşılanır.
        Əksəriyyəti qızlardan ibarət olan bu qocaman təhsil ocağında tələbələrin estetik tərbiyəsinə xüsusi diqqət yetirilir. Daha doğrusu, gün ərzində görülən bütün işlərin əsas özəyini estetik tərbiyə məsələləri təşkil eləyir. Çünki estetik tərbiyə insanların həm beyninə, şüuruna, həm də qəlbinə, hissinə eyni zamanda təsir edə bilmək baxımından gənc nəslin mənəvi inkişafında mühüm rol oynayır.
        Estetik tərbiyənin təsiri ilə gənclərin idrak qabiliyyəti, təfəkkürü inkişaf edir, təbiətdə, cəmiyyətdə, ictimai münasibətlərdəki gözəlliyi duymaq və qavramaq qabiliyyəti formalaşır, onların mənəvi aləmi zənginləşir, estetik zövqü cilalanır. Bütün bunlar gələcəkdə gənclərə həyatı, həyat fəaliyyətini, gözəllik qanunlarını, sağlam və normal zövq əsasında qurmağa kömək edir.
       Ayrı-ayrı fənn dərnəkləri ilə yanaşı burada fəaliyyət göstərən bədii özfəaliyyət, xalq rəqsləri ansamblı, tətbiqi rəsm, dram dərnəyi tələbələrin asudə vaxtının səmərəli keçməsini təmin etməklə, onların estetik tərbiyəsini inkişaf etdirir.
        Kollecin müəllimləri Təhsil Nazirliyinin Dövlət Proqram və layihələri çərçivəsində yerinə yetirildiyi bir sıra tədbirlərdə, seminar və treyninqlərdə yaxından iştirak edir.
Kollecin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezdentinin sərəncamı ilə müəllimlərdən 3 nəfəri “Əməkdar müəllim” adına, 3 nəfər “Tərəqqi medalı”na layiq görülmüşdür.
      Pedaqoji Kollecin müəllim kollektivi ölkədə gedən təhsil islahatının həyata keçirilməsində fəal iştirak etmiş, yüksək peşəkarlıq, tədqiqatçılıq nümayiş etdirərək pedaqoji ictimaiyyətə bir daha belə bir həqiqəti sübut etmişlər ki, ölkəmizin gələcəyi müəllimlərin peşə hazırlığı səviyəsindən aslıdır.
        Bu gün ölkənin hansı bölgəsinə nəzər salsaq Pedaqoji Kollecin məzunlarına rast gəlmək mümkündür. Onlar içərisində gənc nəslin təlim-tərbiyəsində böyük rolu olan müəllimlər, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən, dövlət qulluğunda çalışan, rəhbər vəzifədə işləyən ziyalılar, görkəmli insanlar az deyildir.
Kollecin məzunları bir sıra ali məktəblərə qəbul olaraq təhsillərini davam etdirmişlər. Sevindirici haldır ki, “Əməkdar müəllim” adına layiq görülmüş ibtidai sinif müəllimləri arasında bu kollecin məzunları da vardır.
        Kollecin tələbələri pedaqoji təcrübədə də özünü doğrultmuş ənənələrdən, müasir təlim texnologiyalarından, tədrisin təşkilində müxtəlif innovasiyalardan, informasiya kommunikasiya texnologiyalarından istifadə edirlər. Belə ki, bu dərslərdən ən azı bir necə yeni əyanilik nümayiş etdirilir, yaxud proqram materialı mütləq başqa fənn üzrə qazanılmış bilik və bacarıqlara əsaslanmaqla həmin məlumatla əlaqələndirilmiş şəkildə keçirilir, tələbələrin fəallığı tam təmin edilir.
        Kollecdə Açıq cəmiyyət İnstitutunun yardımı ilə təşkil edilmiş Resurs Mərkəzi təlim prosesində yeni texnologiyalardan istifadə edilməsi, qabaqcıl təcrübənin yayılması, metodiki yeniliklərin müzakirə və təhlil edilməsi, müxtəlif ədəbiyyatların və resursların işlənib hazırlanmasına dəstək olmaq məqsədi ilə yaradılmşdır. Bütün zəruri avadanlıqlarla, zəngin kitabxana ilə təmin edilmiş mərkəzin fəaliyyəti nəticəsində təhsil sahəsində innovativ texnologiyaların tətbiqi üzrə keçirilən xüsusi kursların daha səmərəli təşkilinə imkan yaranmış, bu proqramla işləyən siniflərdə pedaqoji təcrübə keçən tələbələrə göstərilən köməyin keyfiyyəti xeyli yüksəlmişdir.
        Məktəbdə fəaliyyət göstərən "Resurs" mərkəzi pedaqoji təmayüllü orta ixtisas təhsili məktəbləri üçün mütəmadi olaraq keçirdiyi interaktiv təlim metodlarına dair seminarlar və açıq dərslər, gənclərin milli-mənəvi dünyasını zənginləşdirən çoxsaylı tədbirlər bu təhsil ocağının baza məktəbi kimi formalaşmasını təmin edir.
        Hazırda Pedaqoji Kollecin zəngin maddi-texniki bazası vardır. Belə ki, müasir elmi-texniki avadanlıqlarla təchiz edilmiş 24 kabinet fəaliyyət göstərir. Akt zalı, yeməkxana, idman zalı, arxiv, muzey, oxu zalı və 80.000 dən çox kitab saxlanılan zəngin kitabxana, bədii-estetik və pedaqoji-psixoloji tələblərlə tərtib olunmuş və bəzədilmiş foye, dəhlizlər burada təlim-tərbiyəni həyatın və təhsil islahatlarının tələblərinə uyğun qurmağa imkan verir. Zəngin ənənələrə əsaslanan Azərbaycan Dövlət Pedaqoji Kolleci öz fəaliyyəti dövründə daim yeniləşərək ölkə təhsilinin çağdaş inkişaf mərhələsində özünəməxsus yer tutacaqdır.
        Azərbaycanın ən qocaman təhsil ocaqlarından olan kollec şərəfli tale yaşayıb, zəngin tədris dövrü keçib. Kollec çox əhəmiyyətli iki missiyanı yerinə yetirir. Bunlardan biri təhsil, tədris, digəri isə tərbiyəvi funksiyadır.

 
 
 
 
     
Facebook ADPK Twitter Русский English